Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun sonuncu günündə növbəti rekordlar qeydə alınıb.
Arena.az xəbər verir ki, “Bayern”in hücumçusu Tomas Müller “Mançester Yunayted”ə qarşı komandasının qələbə qazandığı oyunda (4:3) Çempionlar Liqası tarixində 143-cü dəfə meydana çıxıb və 100 qələbə qazanmış 3-cü futbolçu olub.
Müvafiq nailiyyətə ilk dəfə Kristiano Ronaldo (115 qələbə) və ardınca İker Kasilyas (101 qələbə) imza atıblar;
“Mançester Yunayted” “Bayern”ə 3:4 hesabı ilə məğlub olmaqla ardıcıl 3-cü oyunda 3 və daha artıq qol buraxıb. Mankunianlar buna qədər “Arsenal” və “Brayton”a eyni hesabla – 1:3 məğlub olmuşdular. “Qırmızı şeytanlar” sonuncu dəfə 45 il əvvəl, 1978-ci ilin dekabrında müvafiq xoşagəlməz nəticəyə imza atıblar;
“Mançester Yunayted” 2 noyabr 1994-cü ildə “Barselona”ya 0:4 hesabı ilə uduzduqdan sonra Çempionlar Liqası oyununda 2-ci dəfə 4 qol “yeyib”;
“Bayern” Çempionlar Liqasına qatıldığı son 20 mövsümün hamısında turnirə qələbə ilə başlayıb;
“Real” 2-ci dəfə təzminat dəqiqələrində vurduğu qol sayəsində Çempionlar Liqasında qalib gəlib. “Qaymaqlılar” buna “Union Berlin”lə oyunda Cud Bellingemin vurduğu qol sayəsində nail olublar (1:0). İlk dəfə 2016-cı il sentyabrın 14-də “Real” “Sportinq”ə qarşı oyunda, əlavə edilmiş təzminat dəqiqələrində Alvaro Moratanın vurduğu qolla 2:1 hesablı qələbə qazanmışdı;
“Union Berlin”lə oyunun təzminat dəqiqələrində qələbə qolunu vurmuş Cud Bellingem, “Real”ın XXI əsrdə həm La Liqa və həm də Çempionlar Liqasında debütü zamanı qol vurmağı bacarmış dördüncü futbolçusu olub. Bellingemə qədər əfsanəvi Kristiano Ronaldo 2009-cu ildə, İsko 2013-cü ildə və Marko Asensio 2016-cı ildə həm La Liqa və həm də Çempionlar Liqasında debüt oyunlarında uğur qazanıblar;
ÇL-də “Benfika”nın gününə düşən olmamışdı
“Benfika” evdə “Zalsburq”a 0:2 hesabı ilə məğlub olduğu oyunda, ilk 15 dəqiqə ərzində bir oyunçusu meydandan qovulmuş və iki penalti ilə “mükafatlandırılmış” ilk komanda olub;
“Zalsburq” “Benfika”ya qarşı oyuna (2:0) Çempionlar Liqası tarixində ən gənc kollektivi döyüşə atıb. Avstriya təmsilçisinin orta hesabla yaş göstəricisi 21 yaş 183 təşkil edib;
“Lans”ın ivuarəsilli fransalı hücumameylli yarımmüdafiəçisi Anjelo Fyuljeni “Sevilya”ya qarşı oyunda (1:1) cərimə zərbəsindən qol vurmaqla, Çempionlar Liqasının cari mövsümünün 1-ci turu ərzində turnirdə cərimə zərbəsindən vurulmuş qolların sayını 3-ə çatdırıb. Bu göstərici turnirin ötənilki bütün göstəricisinə bərabərdir.


