Cengiz Ünder Fransa klubunda

Futbol üzrə Türkiyə millisinin və İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Cengiz Ünder karyerasını Fransada davam etdirəcək. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Marsel “Olimpik”inə keçib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi türkiyəli futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, Cengiz Ünder ötən mövsümü də icarə əsasında İngiltərənin “Lester Siti” klubunda keçirib. O, 2017-ci ildən “Roma”da çıxış edirdi. Yarımmüdafiəçi əvvəllər “Altınordu” və “Başakşəhər”də də oynayıb. Ünderin “Roma” ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.

Marsel “Olimpik”i ötən mövsüm Dortmund “Borussiya”sından icarəyə götürdüyü Leonardo Balerdinin də transfer hüquqlarını alıb. 22 yaşlı argentinalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Boka Xuniors”un yetirməsi olan futbolçu 2019-cu ildən Almaniya klubunda idi. Mərkəz müdafiəçisi Argentina millisinə də dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: