Cennaro Qattuzo Xorvatiya klubunda

Bu ilin fevralından işsiz olan İtaliya millisinin və “Milan”n sabiq futbolçusu Cennaro Qattuzo bundan sonra Xorvatiyada çalışacaq.

Arena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Xorvatiyanın “Hayduk” komandasının baş məşqçisi təyin edilib.

Split təmsilçisi onunla 2 illik müqavilə bağlayıb. Qattuzo “Hayduk”un baş məşqçisi postunda bu ilin aprel ayında istefaya göndərilmiş Mislav Karoqlanı əvəz edib. Onun istefasından sonra Split təmsilçisini mövsümün qalan oyunlarına Yure İvankoviç çıxarırdı.

Cennaro Qattuzo isə bu lin fevral ayında Fransa nəhəngi Marsel “Olimpik”indən ayrılandan bəri işsiz idi. İtalyan mütəxəssis uğursuz nəticələrə görə postundan kənarlaşdırılmışdı.

Qattuzo 2023-cü ilin sentyabrında “Olimpik”in sükanı arxasına gətirilmişdi. 46 yaşlı mütəxəssis Liqa 1 təmsilçisini bütövlükdə 24 oyuna çıxarıb. Qattuzo marsellilərə 9 qələbə qazandırıb, 8 heç-heçə edib, 7 məğlubiyyət yaşayıb. Topların fərqi isə 45:35 nisbətindədir.

Cennaro Qattuzo daha öncə İspaniyada “Valensiya”nın, İtaliyada “Napoli”, “Milan”, “Piza” və “Palermo”nun, Yunanıstanda “OFİ Krete”nin, İsveçrədə “Syon”un da baş məşqçisi olub.