Cessi Marş: “Xırda detallar oyunun taleyini həll etdi”

Kanada milli komandasının baş məşqçisi Cessi Marş DÇ-2026-nın 1/8 finalında Mərakeş yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu mərhələnin ilk oyununda Mərakeş Kanada üzərində 3:0 hesablı qələbəyə sevinib.

Matçdan sonra jurnalistlərə açıqlama verən Cessi Marş hesabın oyunun gedişini tam əks etdirmədiyini bildirib. Amerikalı mütəxəssisin sözlərinə görə, komandası xüsusilə ilk hissədə rəqibdən üstün təsir bağışlayıb:

“Onlar bizdən cəmi bir neçə zərbə çox vurdular. Fərq onların daha intensiv oynamasında deyil, son hücum fazasında daha keyfiyyətli olmalarında idi. Bizə isə həlledici ötürməni vermək bacarığı çatmadı. Oyun planımıza sadiq qaldıq və futbolçularım sona qədər özlərinə inandılar. Uzun müddətdir məğlub olmayan belə güclü rəqibi çətin vəziyyətə saldıq. İlk hissədə, hətta ikinci hissənin əvvəlində də daha yaxşı oynayan tərəf biz idik. Təəssüf ki, hesabı aça bilmədik. Sonra isə xırda detallar oyunun taleyini həll etdi. Azarkeşlərimiz belə xarakter göstərən komandaya sahib olduqları üçün qürur duymalıdırlar”, – deyə Marş bildirib.

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi isə komandasının fasilədən sonra üstünlüyü ələ keçirdiyini vurğulayıb və Kanadanın oyununu yüksək qiymətləndirib:

“Bu qələbəyə görə çox sevinirik. Dünya çempionatının pley-off mərhələsində hər oyun həyati əhəmiyyət daşıyır. İkinci hissədə vurduğumuz ikinci qol həlledici oldu. Etiraf etməliyəm ki, Kanada çox təsirli oyun sərgilədi. Bu, bizim üçün sürpriz deyildi. Lakin fasilədən sonra onların buraxdığı boşluqlardan maksimum yararlandıq və bu da qələbənin əsas səbəbi oldu”, – deyə Uahbi qeyd edib.

Qeyd edək ki, Mərakeş Kanada üzərində 3:0 hesablı qələbə qazanaraq DÇ-2026-nın ilk 1/4 finalçısı olub. Kanada isə mübarizəni 1/8 final mərhələsində başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: