Ceyhun Sultanov: “Qarabağ” evdə daha yaxşı çıxış edəcək”

Azərbaycanın millisinin sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov “Qarabağ”ın “Bayer”ə qarşı keçirəcəyi oyunda şanslarını dəyərləndirib.

Arena.az xəbər verir ki, Avropa Liqasının H qrupunda yer alan “Qarabağ” bu gün qrup mərhələsinin 4-cü turu çərçivəsində Almaniyanın “Bayer” komandasını qəbul edəcək.

Tanınmış futbol mütəxəssisi Ceyhun Sultanov ilə əlaqə saxlayıb, təmsilçimizin növbəti oyundakı şanslarını dəyərləndirməsini istədik. Millimizin sabiq üzvü Ağdam klubunun güclü rəqibdən xal almasını mümkün hesab edir:

“Keyfiyyət baxımından Almaniya klubu qat-qat üstündür. Bu oyunda hər bir nəticə ola bilər. Fikrimcə, “Qarabağ” səfərdəki oyunla müqayisədə evdə daha yaxşı çıxış edəcək. Ola bilər ki, “Bayer” öz imkanlarından istifadə edə bilməsin və biz əlimizə düşən bir imkandan istifadə edib, bir xal qazanaq. Keyfiyyət və oyun olaraq üstün deyilik. Amma “Qarabağ”ın doğma meydanda öz oyun üslubu var. Onu diktə edə bilsə, əlbəttə ki, xal qazana bilərik. Hamı istəyər ki, bir xal qazanılsın, lakin qarşıdakı rəqib elə belə klub deyil, “Bayer”dir. Almaniya çempionatında birinci pillədə qərarlaşıb. Bir az çətin olacaq. Amma futbolda hər bir şey mümkündür”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçına saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: