Ceymi Karrager “Çelsi”ni və Koul Palmeri qiymətləndirdi

Futbol üzrə İngiltərə yığmasının və “Liverpul” klubunun keçmiş müdafiəçisi Ceymi Karrager “Çelsi”nin çıxışı haqda fikrini bildirib.

Arena.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:

“Bu “Çelsi” qapazaltı haqqında hekayə deyil. Klub 1,4 milyard avro xərc çəkib. Bu mövsüm etdikləri heyrətamizdir. “Çelsi” çempionluq uğrunda mübarizə aparmaq üçün düzgün yoldadır”, deyə Karrager vurğulayıb.

Ceymi Karrager “Çelsi”nin ingilis hücumameyilli yarımmüdafiəçisi Koul Palmeri də tərifləyib:

“O, bu ruhda davam edərsə, bütün dövrlərin ən böyük “Çelsi” oyunçularından biri kimi tarixə düşəcək”.

Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib. Palmerin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 62 oyun keçirib, 36 qol vurub, 21 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.