“Liverpul”un sabiq müdafiəçisi, cari mütəxəssis Ceymi Karrager istedadına görə kimi ən yaxşı britaniyalı futbolçu hesab etdiyini açıqlayıb.
Arena.az məlumat verir ki, “The Telegraph” nəşrində özünün köşəsi olan və təhlil xüsusiyyətli yazıları ilə oxucuların rəğbətini qazanmış Karrager müvafiq xüsusda “Mançester Siti”nin ingilis vingeri Filip Fodenin adını çəkib:
“Mən uzun müddət Fodenin tərəfində olmuşam. Xalis istedad baxımından o, klubuna və ölkəsinə gətirdikləri ilə ənənələri alt-üst edən, İngiltərənin ən yaxşı oyunçusudur. Ən yaxşı ingilis futbolçuları haqqında düşünəndə ən çox bəyənilən keyfiyyət fiziki xüsusiyyətlərin və atletizmin texnika ilə birləşməsidir. Mənim nəslimdən Stiven Cerrard və Ueyn Runi arxetipik ingilis oyunçuları idi: güc, bacarıq və cəsarətin qüvvətli vəhdəti. Xaricdəki oyunçulardan və ya məşqçilərdən İngiltərənin ən təcrübəli oyunçularının simasının nə olduğunu soruşun və onlar təkmilləşdirilmiş texniki qabiliyyətə malik “döyüşçülər” haqqında danışacaqlar.
Foden daha çox ispan və ya portuqal futbolçuya bənzəyir, Qvardiola tərəfindən hazırlanmış taktiki zəkaya malik qısa, bəstəboy cəldayaqlı driblingçi. Edilə biləcək ən böyük lütf odur ki, o, Qvardiolanın əfsanəvi “Barselona”sında yersiz görünməzdi”, – Ceymi Karrager köşə yazısında qələmə alıb.
Foden “Mançester Siti”nin yetirməsidir. Vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 18 qol vurub, 10 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”də bütövlükdə 257 oyun keçirib, 78 qol, 51 məhsuldar ötürmə ilə yadda qalıb.
Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 16 kubok var. Bunlara İngiltərə Premyer Liqası (5 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
Foden 2020-ci ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasında 31 oyuna 4 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Fil İngiltərənin U-17 yığması ilə 2017-ci il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 110 milyon avro məbləğindəq qiymətləndirir.