Ceymi Karrager: “Mançester Siti” əsas favoritimdir”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluq uğrunda mübarizənin favoritini açıqlayıb.

Arena.az xəbər verir ki, hazırda futbol mütəxəssisi olaraq çalışan ingilis təhlilçinin bunları söyləyib:

“Ötən mövsüm “Mançester Siti” zədə bəlasının öhdəsindən gələ bilmişdi. “Arsenal” bunu edə bilərmi? Hətta Rodrinin sıradan çıxması belə, “Mançester Siti”nin iddialarına təsir etməyəcək. “Liverpul” kimi, “Arsenal” da mövsüm irəlilədikcə qarşılaşacaqları çətinliklərə göz yuma bilməz. Məhz buna görə də mənim əsas favoritim – “Mançester Siti”dir”, deyə Karrager fikrini əsaslandırıb.

Ceymi Karrager keçmiş komandasının da şanslarına toxunub. O, “Liverpu”un cari mövsüm İngiltərə Premyer Liqasını qazanmaq istəyi müqabilində, qarşıdakı qış transfer pəncərəsində bir neçə yaxşı transfer həyata keçirməsinin vacib olduğunu düşünür:

“Liverpul” qəniməti qazanmaq istəyirsə, yanvar ayında hərəkətə keçməlidir. Klub bir neçə keyfiyyətli oyunçu ilə müqavilə imzalamalıdır”, deyə Karrager bildirib.

Xatırladaq ki, “Mançester Siti” son mövsümlərdə ardıcıl olaraq İngiltərə çempionluğunu bayram edir. “Liverpul” və “Arsenal” “şəhərlilər”in bu hegemonluğuna son qoymağa yaxın olsalar da, sonda istəklərinə çata bilmirlər. Elə bu il də Mançester nəhənginin çempionluq şansları yüksək qiymətləndirilir.

2024/2025-ci illər mövsümünün geridə qalmış 9 turundan sonra 23 xala malik “Mançester Siti” vahid liderdir. “Liverpul” 22 xalla 2-ci pillədə qərarlaşıb. “Arsenal” və “Aston Villa”nın 18, “Çelsi”nin 17, “Brayton” və “Nottingem Forest”in 16, “Tottenhem” və “Brentford”un isə 13 xalı var.