Ceymi Karrager: “MY Bruno Fernandesi də satmalıdır”

İngiltərə yığmasının sabiq üzvü Ceymi Karrager “Mançester Yunayted”ə liderlərindən biri olan Bruno Fernandesi satmağı məsləhət görüb.

Arena.az xəbər verir ki, ingilis təhlilçi “qırımızı şeytanlar”ın kapitanı, portuqal yarımmüdafiəçi barədə bunları söyləyib:

“Markus Raşforddan fərqli olaraq, Fernandes çətin dövrdə “Mançester Yunayted”in ən yaxşı oyunçularından olub. “Old Trafford” karyerası ərzində ətrafında daha keyfiyyətli komanda yoldaşları olsaydı, Bruno da parlayardı. Amma onun artıq 30 yaşı var və pul əldə etmək üçün onu satmağın mənası ola bilər”, deyə Karrager bildirib.

Xatırladaq ki, Ceymi Karrager Bruno Fernandeslə yanaşı, Markus Raşfordun da satılmalı olduğunu açıqlayıb.

Portuqal hücumameyilli yarımmüdafiəçi Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 23 oyun keçirib, 5 qol vurub, 10 məhsuldar ötürmə verib.

Fernnandesin “Mançester Yunayted” karyerası ümumilikdə 256 oyun, 84 qol və 76 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 76 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 22 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.