Ceyms Milner daha bir il “Liverpul”da!

Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə klubu ilə müqaviləsini yeniləyib. Arena.az xəbər verir ki, tərəflər arasında bir illik yeni müqavilə imzalanıb.

Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı əvvəlki sözləşmə bu ilin yayına qədər idi. Yeni müqaviləyə əsasən, Milner qarşıdakı mövsümün sonuna qədər “Liverpul”un uğurları üçün çalışmağa davam edəcək.

36 yaşlı ingilis futbolçu yeni müqavilə ilə bağlı klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Burada qaldığım üçün son dərəcə xoşbəxtəm. Bu komandada oynamaq mənim üçün böyük qürurdur. Müqaviləmin müddətini uzatmağımda ən önəmli məqamlardan biri bu komandaya hələ də nələrsə verəcəyimə inanmağımdır. Baş məşqçi Yurgen Kloppun da nə düşündüyü bəlli idi. Onun müqaviləmi yeniləməyimdə böyük təsiri oldu”.

Ceyms Milner 2015-ci ilin iyununda “Mançester Siti”dən “Liverpul”a transfer olunub. O, geridə qalan mövsümdə meydana çıxdığı 39 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə isə təcrübəli futbolçu “Liverpul”da 289 matça çıxıb və 26 qol vurub.

Vaxtilə İngiltərə yığmasında 61 oyuna 1 qol vurmuş Milner, “Liverpul”dakı karyerası ərzində Premyer Liqanın, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, İngiltərə Liqa Kubokunun, İngiltərə Federasiyas Kubokunun və klublararası dünya çempionatının qalibi olub.