Futbol üzrə Meksika yığmasının sabiq hücumçusu Xavyer Ernandes (Çiçarito) bundan sonra MLS klubu “Atletiko Dallas”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə ABŞ təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bu ilin yanvarından azad agent statusunda olan 38 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. Müqavilədəki şərtlərə əsasən, bu müddət daha bir mövsüm uzadıla bilər.
Xatırladaq ki, Çiçarito bu ilin əvvəlində yetirməsi olduğu Meksikanın “Qvadalaxara” (Çivas) klubundan azad agent kimi ayrılandan bəri işsiz idi. O, 2024-cü ilin yanvarında MLS klubu “Los Anceles Qalaksi”dən ayrılaraq sabiq komandasına qayıtmışdı.
Xatırladaq ki, Ernandes peşəkar karyerasına məhz “Qvadalaxara”da başlayıb. O, 2010-cu ildə Meksika klubundan 7,5 milyon avro qarşılığında İngiltərə nəhəngi “Mançester Yunayted”də transfer olub. Hücumçu “qırmızı şeytanlar”la yanaşı, “Real” (Madrid), “Bayer” (Leverkuzen), “Vest Hem”, “Sevilya” kimi klubların formasını geyinib. 2020-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının “Los Anceles Qalaksi” klubu 8,55 milyon avro qarşılığında onu “Sevilya”dan qoparıb.
Xavyer Ernandes 2009-2019-cu illər aralığında Meksika yığmasında da forma geyinib. Çiçarito ləqəbli forvard milli komandada 109 oyun keçirib, 52 qola imza atıb, 13 məhsuldar ötürmə ilə yadda qalıb.


