Çidozi Oqbene 9,5 milyon avroya “İpsviç Taun”da

İngiltərənin “Luton Taun” klubunun sağ vingeri Çidozi Oqbene bundan sonra “İpsviç Taun”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“İpsviç Taun” bu transfer üçün 9,5 milyonundan vaz keçib. 27 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Çidozi Oqbene İrlandiyanın “Kork Siti” klubunun yetirməsidir. Əslən Nigeriyadan olan irlandiyalı futbolçu bu ölkədə “Limerik”in də şərəfini qoruyub. 2018-ci ildə isə o, İngiltərəyə üz tutub. Əvvəlcə “Brentford”da oynamış vinger, sonradan “Ekster Siti” və “Roterem Yunayted”in də formasını geyinib. “Luton Taun” Oqbeneni 2023-cü ilin yayında azad agent kimi heyətinə qatmışdı. İrlandiyalı futbolçu bu yay Premyer Liqanı tərk etmiş lutonluların heyətində 39 oyuna çıxıb, 5 qol və 1 assistlə yadda qalıb.

Çidozi 2021-ci ildə İrlandiya yığmasında debüt edib. O, bu ölkənin millisində 20 oyuna 4 qol vurub, 1 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: