Con van’t Sxip – Qazaxıstan millisinin yeni baş məşqçisi!

Qazaxıstan Futbol Federasiyası (KFF) niderlandlı mütəxəssis Con van’t Sxip ilə razılığa gələrək onu millinin baş məşqçisi vəzifəsinə təyin edib.

Arena.az bu barədə qurumun mətbuat xidmətinə istinadən məlumat verir.

62 yaşlı mütəxəssislə müqavilə QFF-nin İcraiyyə Komitəsinin iclasından sonra imzalanacaq.

Van’t Sxip məşqçilik karyerası ərzində Niderlandın “Ayaks”, “Tvente”, “Zvolle”, Meksikanın “Qvadalaxara” və Avstraliyanın “Melburn Siti” klublarına rəhbərlik edib. O, 2016-cı ildə “Melburn Siti” ilə Avstraliya Kubokunu qazanıb. Mütəxəssis həmçinin Yunanıstan və Ermənistan milli komandalarının baş məşqçisi olub.

Con van’t Sxip futbolçu kimi “Ayaks” və İtaliyanın “Cenoa” klublarında çıxış edib. O, “Ayaks”la 4 dəfə Niderland çempionu (1982, 1983, 1985, 1990), 3 dəfə isə ölkə kubokunun qalibi (1983, 1986, 1987) olub.

Van’t Sxip Niderland millisinin heyətində 1988-ci ildə Avropa çempionu, 1992-ci ildə isə Avropa çempionatının bürünc medalçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: