Cud Bellingem – ÇL-də mövsümün ən yaxşı gənc oyunçusu!

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem 2023/2024-cü illər mövsümü üçün UEFA Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu seçilib.

Arena.az bu barədə Çempionlar Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

2023/2024-cü illər mövsümü Çempionlar Liqasında Bellingem 11 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. “Real” isə Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edərək, yarışın qalibi adını qazanıb.

Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Artıq geridə qalmış mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024) və Çempionlar Liqasının (2023/2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: