Dambrauskas: “Bu, möhtəşəm bir desert kimidir”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlməsi ilə bağlı paylaşım edib.

Arena.az xəbər verir ki, litvalı mütəxəssis sosial şəbəkə hesabında bunları yazıb:

“Tarixin yazıldığı daha bir sehrli gecə. Cəmi 9 il əvvəl yaradılmış “Sabah” 2026/2027-ci illər mövsümündə avrokuboklardan birinin Liqa mərhələsinə vəsiqəni təmin etdi. Bu uğurun dadı bir ildən az müddətdə qazanılan Azərbaycan çempionluğu və ölkə kubokundan sonra möhtəşəm bir desert kimidir.

Nə qədər qürurlu olduğumu sözlə ifadə etmək mümkün deyil. Bu sevinci bölüşə biləcəyim necə gözəl insanlardan ibarət komandadır! Qarşıdakı növbəti mərhələyə doğru yolumuza davam edirik”, deyə Dambrauskas sevincini bölüşüb.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS komandasını iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə məğlub edib. Bununla da Bakı klubu ən azı Avropa Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib. Amma komanda ÇL-in və ya Avropa Liqasının Liqa mərhələsində də oynaya bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: