“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 6-cı turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Milli komandalara yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir və ümid edirəm ki, hər biri düşərgəmizə zədəsiz dönəcək. Heyətdə qalan oyunçularla işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftəlik istirahət vermişəm. Qayıtdıqdan sonra addım-addım, oyundan-oyuna prinsipi ilə çempionatın ikinci hissəsinə hazırlaşacağıq.
Şəxsi planlarıma gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bəzi bölgələrini gəzmək, yeni yerlər görmək və dincəlmək istəyirəm. Çünki 3 ay əvvəl işə başladığımızdan bəri, xüsusilə UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində və mövsümün startında çox gərgin çalışdıq. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, tam bal verərdim. Yalnız “Mançester Yunayted”lə oyunda bir az da yaxşı çıxış edə bilərdik.
Sıralamaya baxsaq, əvvəlcə “Neftçi”, sonra “Slaviya”, “Qəbələ”, ardından Dortmund “Borussiya”sı və “Qarabağ”la oynayacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Əgər orada mübarizə aparırsınızsa, bu gərginliyə tab gətirməlisiniz. Böyük komandaya çevrilmək və bu sınaqları qəbul etmək istəyiriksə, belə maneələri aşaraq inkişaf etməliyik”.
“Öz oyun planımızdan imtina etmək istəmirik” – Fərid Namazov
“İmişli”nin baş məşqçisi Fərid Namazov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Əvvəla, “Sabah”ı təbrik edirəm və Çempionlar Liqasındakı çətin yolda uğurlar arzulayıram. Onların liqanın ən sürətli futbol oynayan kollektivi olduğunu bilirdik. Maksimal dərəcədə hücumların qarşısını almağa, daha kompakt müdafiə olunub əks-hücumlarda rəqibi tutmağa çalışırdıq. İlk yarıda düşündüklərimizi edə bildik, lakin konsentrasiya əskikliyindən uzaq məsafədən vurulan zərbələrlə 2 qol buraxdıq. İkinci hissədə isə topa daha çox nəzarət etməyə çalışdıq. Rəqibin kimliyindən asılı olmayaraq, öz oyun planımızdan imtina etmək istəmirik. Önümüzdəki milli fasilə bu sistemi oturtmaq üçün xeyrimizə olacaq.
Bir struktur və sistem yoxdursa, 20 tur da keçsə, nəticə olmayacaq. İndinin özündə belə, hücum planında müəyyən irəliləyişlər var. Hər kəs nəticə istəyir, lakin plansız və təsadüfi işlə uğur qazanmaq mümkün deyil. Komandanın verdiyi reaksiya gələcəyə ümid verir.
Son iki turda qapıda Sadiq Məmmədzadə oynayıb, ondan öncə isə Yusif İmanov şans alırdı. Biri əsas milliyə namizəddir, digəri isə U-21-in əsas qapıçısıdır. İlin sonuna qədər bu rotasiyaya gedəcəyik ki, hər ikisi tonusda qalsın. Sadiq avtoqol epizodunda zərbəni görməmişdi. Son dəqiqədəki qola gəlincə, qapıçını irəli göndərən mən idim. 1:2 uduzmaqla 1:3 uduzmaq arasında böyük bir fərq görmürəm. 92-ci dəqiqədə şansımız var idi və risk etməyə dəyərdi. Səhv yalnız Sadiqin deyil, əks-hücuma qarşı müdafiə strukturunu düzgün qura bilməyən bütün komandanındır”.


