Çilli millisinin və İtaliyanın “Udineze” klubunun mərkəz hücumçusu Damian Pisarro bundan sonra “Havr”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
Liqa 1 təmsilçisi 20 yaşlı forvardı bir mövsümlük (2026-cı ilin 30 iyununadək) icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Damian Pisarro Çilinin “Kolo-Kolo” klubunun yetirməsidir. “Udineze” onu 2024-cü ilin yayında 3,5 milyon avroya transfer edib. Tərəflər arasında 2029-cu ilin 30 iyununa qədər qüvvədə olacaq müqavilə mövcuddur. Çilili hücumçu bu komandanın heyətində meydana çıxdığı 3 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Pisarro 2023-cü ildə Çilinin əsas yığma komandasında debüt edib. Amma əsas millidə onun hesabında cəmi 1 oyun var.
“Transfermarkt” internet-portalı 20 yaşlı hücumçunun transfer dəyərini 3,2 milyon avro məbləğində qiymətləndirir.


