Dani Alves “Barselona”dan getdi

Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves “Barselona”dan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, Kataloniya təmsilçisindən yeni müqavilə təklifi almadığını və ötən ilin noyabrında imzaladığı sözləşmənin müddəti başa çatdığı üçün klubla vidalaşdığını bildirib:

“Vidalaşmağın vaxtı gəldi. 8 ilimi bu kluba, bu rənglərə və bu evə həsr etmişəm. Amma həyatda hər şey kimi illər keçir, yollar ayrılır, hekayələr yenidən yazılır. Məni qovmağa çalışdılar, amma bacarmadılar, çünki nə qədər dözümlü və mətanətli olduğumu təsəvvür edə bilməzsiniz”.

Alves iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agentə çevriləcək. Müdafiəçi ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlər çərçivəsində 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Dani Alves 2021-ci ilin noyabrında Kataloniya klubuna qayıtmışdı. 39 yaşlı futbolçu 2008-2016-cı illərdə də “Barselona”da oynayıb. O, həmin dövrdə bu komandada 391 matça çıxıb, 21 qola imza atıb. Müdafiəçi karyerası ərzində “Bahia, “Sevilya”, “Yuventus”, PSJ və “San Paulo” kimi klublarda da forma geyinib. Braziliya yığmasında 124 matça çıxan Dani, 8 qol vurub.

Yeri gəlmişkən, “Barselona” növbəti transferini həyata keçirib. Kataloniya təmsilçisi rəsmi saytı vasitəsi ilə “Rasinq”in 19 yaşlı yarımmüdafiəçisi Pablo Torreni heyətinə qatdığını açıqlayıb. Torre ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzalanıb. Sözügedən oyunçunun transferi yeni klubuna 5 milyon avroya başa gəlib.

Son mövsümdə İspaniya Sequndasında 11 matça çıxan ispaniyalı futbolçu 1 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: