Dani Olmo ilə yeni müqavilə, bir yeni transfer və üç ayrılıq

Futbol üzrə İspaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Dani Olmo Almaniyanın “Leypsiq” klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2024-cü ilin yayına qədər idi.

Dani Olmo 2020-ci ilin yanvarında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan 29 milyon avro qarşılığında “Leypsiq”ə gəlib. 25 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi 123 oyunda 21 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Dinamo” karyerası isə 124 oyun, 34 qol və 28 assistdən ibarətdir. Olmo İspaniya yığmasında da 30 oyuna 6 qol vurub.

“Leypsiq” heyətinə yeni futbolçu da cəlb edib. Belə ki, sözügedən klub “Paderborn”un qapıçısı Leopold Zingerle ilə güclənib. Yeni komandasına azad agent kimi qoşulan 29 yaşlı alman qolkiperlə müqavilənin müddəti açıqlanmır.

Almaniya nəhəngi “Bayern”in yetirməsi olan Zingerle, karyerası ərzində “Qroyter”, “Maqdeburq” və “Paderborn”un uğurları üçün çalışıb. O, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Leypsiq”in ötən mövsümün əvvəlində İsveçrənin “Bazel” klubuna icarəyə verdiyi Huqo Novoa da bu komandanın düşərgəsinə qayıdıb. O, geridə qalan mövsümdə “Bazel”də 17 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya klubuna 2019-cu ilin iyulunda “Deportivo”dan gəlmiş 20 yaşlı ispan futbolçu Bundesliqa təmsilçisində 23 oyun keçirib, 2 qol vurub. İspaniyanın U-21 yığmasının da üzvü olan cinah oyunçusunun “Leypsiq”lə 2025-ci ilin yayına kimi müqaviləsi var. Klub onu qarşıdakı mövsümdə də icarəyə göndərməyi planlaşdırır.

PSJ-nin futbolçusuna ehtiyac duyulmadı

“Leypsiq” 2022-ci ilin sentyabr ayında Fransanın PSJ klubundan icarəyə götürdüyü Abdu Diallo ilə də yollarını ayırdığını açıqlayıb. Bir mövsümlük icarəsi üçün 1.5 milyon avro ödənilmiş 27 yaşlı mərkəz müdafiəçisi geridə qalan mövsümdə Almaniya klubunda cəmi 15 oyuna çıxıb və 1 qolla yadda qalıb. Fransa doğumlu seneqallı futbolçu 2019-cu ildən formasını geyindiyi PSJ-yə qayıdıb. 27 yaşlı müdafiəçi Paris təmsilçisində 75 oyun keçirib, 4 assistlə yadda qalıb. O, daha öncə Dortmund “Borussiya”sında (38 oyun, 1 qol, 1 assist), “Sulte Varegem”də (35 oyun, 3 qol), “Maynts”da (30 oyun, 3 qol, 1 assist) və “Monako”da (19 oyun, 1 assist) da forma geyinib. Müdafiəçi Seneqal yığmasında da 22 oyuna çıxıb, 2 qol müəllifi olub.

“Leypsiq” qapıçısı Öryan Nyulandla da yollarını ayırıb. 32 yaşlı qolkiperlə müddəti bu ayın sonunda bitəcək müqaviləni yeniləməyə ehtiyac duyulmayıb. Norveçli futbolçu “Leypsiq”ə 2022-ci ilin oktyabrında azad agent kimi qoşulmuşdu. O, bu komandada cəmi 3 oyun keçirib, 3 qol buraxıb. Nyuland daha öncə “Hödd”, “Molde”, “İnqolştadt”, “Aston Villa”, “Norviç Siti”, “Bornmut”, “Ridinq” kimi klublarda da forma geyinib. O, Norveç yığmasında da 44 oyun keçirib.

“Leypsiq” 2022-ci ilin yayında İtaliyanın “Cenoa” klubuna icarəyə verdiyi digər qapıçısı Xosep Martinesi də Genuya təmsilçisinə birdəfəlik satıb. İtaliya klubu bu keçid üçün 3,5 milyon avro ödəyib. İspaniyadan olan 25 yaşlı qapıçı geridə qalan mövsümdə “Cenoa”da 32 oyuna çıxıb, 25 qol buraxıb, 17 “quru” oyun keçirib. “Barselona”nın yetirməsi olan qolkiper daha öncə “Las Palmas”da da oynayıb. Onun “Leypsiq” karyerası isə cəmi 4 oyundan ibarətdir (5 buraxılmış qol, 2 “quru” oyun).

Xəbəri sosial şəbəkələrdə paylaş: