Daniel Amarti “Beşiktaş”a lazım olmadı

Türkiyənin “Beşiktaş” klubu Qana yığma komandasının da üzvü olan mərkəz müdafiəçisi Daniel Amarti ilə yollarını ayırıb.

Arena.az bu barədə İstanbul nəhənginin rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Amarti azad agent kimi hazırda özünə yeni klub axtarışındadır.

Beşiktaş” Amartini ötən ilin yayında İngiltərənin “Lester Siti” klubundan azad agent kimi heyətinə qatmış və 3 illik müqavilə bağlamışdı. 29 yaşlı müdafiəçi “qara qartallar”ın heyətində 27 oyuna çıxıb, 1 qol vurub. O, “Beşiktaş”la Türkiyə Kubokunun qalibi olub.

Daniel Amarti peşəkar karyerasına Qanada başlayıb. O, “İnterneşnl Ellies”də oynadıqdan sonra İsveçin “Yurqorden” klubuna transfer edilib. 2014-2016-cı illər aralığında Danimarka “Kopenhagen”ində forma geyinmiş müdafiəçi 2016-cı ildən “Beşiktaş”a keçənə qədər “Lester Siti”nin uğurları üçün çalışıb. Dayaq yarımmüdafiəçisi kimi də çıxış edən Amarti 2015-ci ildən formasını geyindiyi Qana yığmasında 54 oyun keçirib.

Yeri gəlmişkən, bu yay “Beşiktaş”dan azad agent kimi ayrılmış Əlcəzair yığmasının yarımmüdafiəçisi Rəşid Gezzalın da yeni iş yeri müəyyənləşib. 32 yaşlı sağ vinger Super Liqanın digər təmsilçisi “Rizəspor”al anlaşıb. O, yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Rəşid Gezzal 2020-ci ilin sentyabr ayından “Beşiktaş”ın uğurları üçün çalışırdı. O, bu komandada 123 oyuna 17 qol vurub, 33 məhsuldar ötürmə müəllifi olub. Əlcəzair yığmasının üzvü daha öncə “Fiorentina”, “Lester Siti”, “Monako” və “Olimpik” (Lion) kimi klublarda da çıxış edib.

Vaxtilə Fransanın U-20 yığmasında oynamış Gezzal 2015-ci ilin mart ayında Əlcəzair milli komandasında debüt matçına çıxıb. Təcrübəli oyunçu bu komandanın heyətində 22 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.