Daniel Farke “Borussiya”dan qovuldu

Almaniya Bundesliqasında uğursuz mövsüm keçirmiş Mönhenqladbax “Borussiya”sının baş məşqçisi Daniel Farke istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər qarşılıqlı razılıqla müqaviləyə xitam veriblər. Farke ilə birlikdə köməkçiləri də yola salınıb. Edmund Rimer, Kristofer Con və Kris Domoqalla da Bundesliqa təmsilçisindən ayrılıblar.

Daniel Farke mövsümün əvvəlindən, 2022-ci ilin iyulundan “Borussiya”ya rəhbərlik edirdi. 46 yaşlı alman bu komandanı bütövlükdə 36 matça çıxarıb. Mönhenqladbax təmsilçisi bu görüşlərdə 12 qələbə qazanıb, 10 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb. Komanda mövsümü 43 xalla 10-cu pillədə başa vurub.

Farke daha öncə “Krasnodar”, “Norviç Siti” və “Lippştadt”da da baş məşqçi kimi çalışıb.

“Borussiya” 3 futbolçu ilə vidalaşdı, erməni ilə müqavilə bağladı

“Borussiya” mövsüm bitən kimi üç futbolçusu ilə də yollarını ayırıb. Bundesliqa təmsilçisi müdafiəçi Rami Bensebaini, yarımmüdafiəçi Lars Ştindl və hücumçu Markus Turamla vidalaşdığını açıqlayıb. Müqavilələrinin müddəti bu ayın sonunda bitəcək futbolçularla yeni sözləşmə imzalanmayıb. Bensebaini ilə Turam azad agentə çevriliblər və karyeralarını harada davam etdirəcəkləri hələ bilinmir. Ştindl isə yetirməsi olduğu “Karlsrue” ilə anlaşıb və tezliklə keçmiş klubu ilə rəsmi müqaviləyə imza atacaq.

Lars Ştindl 2015-ci ildən formasını geyindiyi “Borussiya”da 271 oyuna çıxıb. 34 yaşlı alman futbolçu bu görüşlərdə 83 qol vurub, 62 assist edib. O, “Karlsrue”dən başqa “Hannover”də də oynayıb. Ştindl Almaniya millisində də 11 oyuna çıxıb, 4 qol vurub.

Rami Bensebaini 2019-cu ildən “Borussiya”nın formasını geyinirdi. Əlcəzairdən olan 28 yaşlı futbolçu bu komandada 113 oyuna çıxıb, 25 qol və 8 assist edib. Daha öncə “Renn”, “Lyers” və “Monpelye”də də oynamış sol cinah müdafiəçisi Əlcəzair yığmasında 53 oyuna 6 qol vurub.

Markus Turam da 2019-cu ildən “Borussiya”da idi. Fransadan olan 25 yaşlı forvard bu komandanın heyətində 134 matça çıxıb, 44 qol və 29 assistlə yadda qalıb. Daha öncə “Genqam” və “Soşo”da oynamış futbolçu Fransa yığmasında 10 oyun keçirib.

“Borussiya” artıq ilk transferini də həyata keçirib. Mönhenqladbaxlılar “Bayern”dən ayrılan Qrant-Leon Ranosla müqavilə bağlayıblar. 19 yaşlı futbolçu azad agent kimi keçdiyi yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. Münhen klubunun aşağı yaş qrupları üzrə komandalarında oynamış forvard əsas komandada debüt şansı qazanmayıb. O, bu il Ermənistan milli komandasında debüt edib və 2 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: