“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Daniel Olmo “Real” və Madrid “Atletiko”su ilə bu mövsümkü rəqabətdən danışıb.
Arena.az xəbər verir ki, ispan futbolçu bunları dilə gətirib:
“Bunlar həmişə rəqabət aparmalı olduğumuz komandalardır. Ona görə də diqqətimizi özümüzə yönəltməliyik. Bu mövsüm bütün oyunlarında qalib gəlmiş yeganə komandayıq. Növbəti turda qələbə qazanmaq və liderliyimizi saxlamaq üçün daha bir imkanımız olacaq. Məqsədimiz mərhələli surətdə hərəkət etməkdir. Biz həftəbəhəftə inkişaf etmək və hər oyunda qalib gəlmək istəyən komandayıq”, deyə Olmo vurğulayıb.
Daniel Olmo futbola “Espanyol”da qədəm qoyub, buradan “Barselona”nın futbol akademiyasına yol tapıb. “Blauqara”nın akademiyasından Olmo Zaqreb “Dinamo”suna keçib. Burada püxtələşmiş ispan futbolçunu isə “Leypsiq” satın alıb.
“Barselona” Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Olmo bu mövsüm “Barselona”nın heyətində 2 oyuna çıxıb, 2 qola imza atıb.
Dani Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


