Daniel Olmo üç həftə “Barsa”ya kömək edə bilməyəcək

“Barselona”nın ispaniyalı hücumameyilli yarımmüdafiəçisi Daniel Olmo təxminən üç həftə komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Olmo İspaniya La Liqasının 27-ci turundan təxirə salınmış “Osasuna” ilə ev oyununda (3:0) zədələnmişdi. Keçirilən testlərdən sonra Daninin sağ ayağındakı əzələlərin zədələndiyini və bərpa üçün 3 həftə lazım olduğu bildirilib.

Xatırladaq ki, ispaniyalı futbolçu “Barsa”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunun 21-ci dəqiqəsində penaltidən vurduğu qolla diqqət mərkəzinə düşmüş və bundan bir neçə dəqiqə sonra da əvəzlənmək məcburiyyətində qalmışdı

“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo cari mövsümdə “Barselona”nın heyətində 28 oyuna çıxıb, 8 qola və 5 məhsuldar ötürməyə imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 43 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Həmçinin Olmo “Barselona” ilə İspaniya Super Kubokunu (2024/2025) qazanıb. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: