Daniel Perets “Bayern”lə vidalaşdı – Rəsmi

Futbol üzrə İsrail yığma komandasının qapıçısı Daniel Perets Almaniya nəhəngi “Bayern”dən birdəfəlik ayrılaraq “Sauthempton”a keçib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Perets 2025/2026-cı illər mövsümünün qış fasiləsi zamanı icarə əsasında “Sauthempton”a qoşulmuşdu. Sözügedən klub Peretsin yarım mövsümlük çıxışından razı qaldığı üçün onun transfer hüquqlarını da alıb. “Sauthempton” bunun üçün “Bayern”ə 8 milyon avro ödəyib. Daniel bu klubla 4 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Perets geridə qalmış mövsümdə “Sauthempton”un heyətində 26 oyuna çıxıb, 24 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.

Daniel Perets Təl-Əviv “Makkabi”sinin yetirməsidir. O, “Bayern”ə 2023-cü ilin avqust ayında 5 milyon avro müqabilində keçmişdi. İsrailli qapıçı Münhen təmsilçisinin heyətində cəmi 7 oyuna çıxıb, 7 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb. Ölkəsində Təl-Əviv “Beytar”ının da formasını geyinmiş qolkiper “Sauthempton”dan öncə “Hamburq”da da icarədə olub.

Daniel Perets İsrailin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, 2022-ci ilin noyabr ayında isə əsas millidə debüt edib. O, İsrail millisinin heyətində 12 oyuna çıxıb, 20 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: