Daniel Perets “Hamburq”u “Sauthempton”a dəyişdi

İsrail yığmasının və Almaniya nəhəngi “Bayern”in qapıçısı Daniel Perets icarədə olduğu “Hamburq”dan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, o, 2025/2026-cı illər mövsümünün qalan hissəsini İngiltərənin “Sauthempton” klubunda keçirəcək.

Bu barədə “Sauthempton”un mətbuat xidməti məlumat yayıb. Sözügedən klub 25 yaşlı qolkiperi icarə müqaviləsi əsasında heyətinə qatıb. İsrailli qapıçı 2025/2026-cı illər mövsümünün sonuna qədər bu komandada çıxış edəcək.

Peretsin “Hamburq”u erkən tərk etməsinə onun bu komandada çox oyun şansı qazana bilməməsi səbəb olub. Belə ki, israilli qolkiper cari mövsümdə cəmi 2 oyuna çıxıb, 1 qol buraxıb. Halbuki, onun “Bayern”dən ayrılmasında da əsas məqsədi daha çox oyun şansı qazanmaq idi.

Xatırladaq ki, Daniel Perets 2023-cü ildə “Makkabi”dən (Təl-Əviv) “Bayern”ə transfer edilib. O, Münhen təmsilçisinin heyətində cəmi 7 oyuna çıxıb, 7 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Perets Təl-Əviv “Makkabi”sinin yetirməsidir. Ölkəsində Təl-Əviv “Beytar”ının da formasını geyinmiş 24 yaşlı qolkiper “Bayern”ə 2023-cü ilin avqust ayında 5 milyon avro müqabilində keçib.

Daniel Perets İsrailin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, 2022-ci ilin noyabr ayında isə əsas millidə debüt edib. O, İsrail millisinin heyətində 10 oyuna çıxıb, 19 qol buraxıb, 4 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: