Datro Fofana “Çelsi”yə qayıtdı

Almaniyanın “Union Berlin” klubunda icarə əsasında oynayan Kot-d’İvuar yığmasının hücumçusu David Datro Fofana “Çelsi”yə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı forvard 2023-cü ilin yayından Berlin təmsilçisində çıxış edirdi. O, bu müddətdə Bundesliqa klubunun heyətində 17 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Fofananın “Union Berlin”dən erkən ayrılmasına onun məşqçilər korpusu ilə problemlər yaşaması səbəb göstərilir. Belə ki, o, bir müddət öncə cəza tədbiri olaraq komandasının məşqlərindən bir həftə müddətində kənarlaşdırılmışdı. Cəzanın səbəbi Fofananın “Union Berlin”in Çempionlar Liqasının qrup mərhələsinin “Napoli” ilə oyununda (0:1) əvəzetmədən sonra komandanın baş məşqçisi Urs Fişerlə əl sıxmaqdan imtina etməsi idi.

Xatırladaq ki, oktyabrın 24-də “Napoli” ilə keçirilmiş oyunda Fofana 70-ci dəqiqədə əvəzlənmişdi. Datro meydanı tərk etdikdən sonra baş məşqçisinin əlini sıxmaqdan imtina etmişdi.

Fofana “Union Berlin”də 2023-cü ilin iyul ayından icarə əsasında çıxış edirdi. İvuarlı futbolçunun alman klubu ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

Fofana “Çelsi”yə 2023-cü ilin yanvarında “Molde”dən 12 milyon avro qarşılığında transfer edilmişdi. Gənc hücumçu London klubunun əsas komandasında 4 oyun keçirsə də, fərqlənə bilməyib. Onun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa kimidir.

Datro Fofana 2019-cu ilin sentyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı Datro Fofananı 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: