David Şvarqa: “Qarabağ”a “Rakuv”un əsl gücünü göstərməliyik”

“Rakuv”un baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, polşalı mütəxəssis ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq matçdan öncə bu gün jurnalistlərlə görüşüb.

32 yaşlı məşqçi Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib. O, mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağımız üçün şadıq. “Qarabağ”ın güclü tərəfləri çoxdur – yüksək pressinq, topla davranış, təkbətək mübarizə. Biz buna hazırıq. Rəqibimiz uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Ancaq biz də “Rakuv”un əsl gücünü göstərməyə çalışacağıq. DNT-mizi, keyfiyyətimizi, güclü tərəflərimizi göstərmək istəyirik. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”.

David Şvarqa yanvarda Antalyada “Qarabağ”la yoxlama görüşü keçirdiklərini və 3:0 hesablı qələbə qazandıqlarını xatırladıb: “Qarabağ”la keçirdiyimiz yoxlama görüşü rəqibin keyfiyyətini görmək imkanı verdi. Təhlillərə ehtiyac var. Bu, nəticə çıxarmağa imkan verir. Meydanda rəqabət aparanda rəqib barədə tam təsəvvür yaranır”.

“Rakuv”un futbolçusu Ben Lederman da mətbuat konfransında iştirak edib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionu barədə fikirlərini bölüşüb:

“Qarabağ”ın nəyə qadir olduğunu hamımız bilirik. Biz də güclü komandayıq. Topla və topsuz ən yaxşı tərəflərimizi göstərmək istəyirik. Bu çağırışa hazırıq. İndi 1-2 il əvvəlkindən daha güclüyük. Artıq yetərincə təcrübəmiz var”.

Xatırladaq ki, sabah – iyulun 26-da Çenstoxovadakı “Mieyski” stadionunda keçiriləcək “Rakuv” – “Qarabağ” görüşünə Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Bu komandalar arasındakı cavab matçı isə avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Həmin oyunun start fiti saat 20:00-da səslənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: