Futbol üzrə Kabo-Verde millisinin mərkəz yarımmüdafiəçisi David Tavares bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Son olaraq Rumıniya təmsilçisi “Qloriya Buzau”nun formasını geyinmiş yarımmüdafiəçi Tovuz klubuna azad agent kimi qoşulub. Davidin 8 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Tam adı David Xose Qomes Oliveyra Tavares olan futbolçu Portuqaliyada dünyaya göz açıb. Lissabon “Sportinq”inin yetirməsi olan Tavares karyerası ərzində “Benfika”, “Moreyrense”, “Famalikan”, “Torrense” kimi klubların da şərəfini qoruyub.
2024-cü ilin iyul ayından “Qloriya Buzau”da çıxış edən yarımmüdafiəçi Rumıniya klubunun heyətində 28 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-17, U-18 və U-19) oynamış David Tavares 2023-cü ilin iyun ayında Kabo-Verde yığmasında debüt edib. Yarımmüdafiəçi milli komandanın heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.


