DÇ-2024: Azərbaycan millisi böyük şansı əldən verdi

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun 5-ci turunda Rumıniya seçməsini qəbul edib.

Səfərdə bu rəqibinə məğlub olan (1:3) Vitali Borisovun yetirmələri bu dəfə doğma meydanda uğur qazanmağa çalışıblar. Bakı İdman Sarayında keçirilən matçı Polşadan olan hakimlər briqadası idarə edib.

Bu oyuna qədər həm Azərbaycan millisinin, həm də Rumıniya yığmasının 3 xalı vardı. Millimiz sonuncu, rumınlar isə 3-cü pillədə qərarlaşmışdılar. Komandamız bu rəqibini qabaqlamaq üçün ilk növbədə ev oyunundan qalib ayrılmalı idi. Lakin təəssüf ki, 10 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib və yığmamız elə sonuncu pillədə qalıb.

Xatırladaq ki, komandamız bu seçmə mərhələdə yalnız Bakıda Niderland yığamasına qalib gəlib – 6:1. Qazaxıstan yığmasına evdə 2:4, səfərdə 2:3 hesabıyla uduzmuş komandamız mərhələ adlamaq şanslarını itirib.

Azərbaycan millisi son turda dekabrın 20-də Niderlandın qonağı olacaq. Hansı ki, sözügedən komanda da 5-ci turda Qazaxıstana 0:2 hesabıyla uduzub.

DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
15 dekabr

Azərbaycan – Rumıniya 5:5
Qollar: Rafael Vilela, 17:11; 18:20; 24:59. Tofiq Mikayılov, 31:48. Amir Socaei, 33:40 – Darius Nastai, 21:05. Andor Balint, 27:49; 34:14. Daniel Arauxo, 31:28. Lonut-Andrey Nemitanu, 35:46.
Hakimlər: Damian Qrabovski, Slavomir Steçko, Monika Çudzinoviç (Polşa).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Gergi Bitri (Malta).
UEFA nümayəndəsi: Simeon Tsolakidis (Yunanıstan).
Bakı idman Sarayı. Saat 20:00.

Xal: Qazaxıstan – 15. Niderland – 6. Rumıniya – 4. Azərbaycan – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: