Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun 3-cü turunda Qazaxıstan seçməsini qəbul edəcək.
Bu, millimizin doğma meydanda ikinci oyunudur. Komandamız daha öncə Bakıda Niderland yığamasına qalib gəlmişdi – 6:1. İlk turda isə Rumıniya ilə oyun millimizin məğlubiyyəti ilə başa çatmışdı – 1:3.
Qazaxıstan yığması isə Niderland və Rumıniyanın hər ikisi ilə ilk oyunlarından qalib ayrılıb. Bu üzdən də bugünkü rəqibimiz hazırda qrupun vahid lideridir. Yığmamız qrup liderliyini ələ keçirmək üçün qazaxlarla ev oyunundan mütləq qələbə ilə ayrılmalıdır.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milli komandaları yoldaşlıq oyunlarında və beynəlxalq turnirlər çərçivəsində dəfələrlə üz-üzə gəlsələr də, rəsmi yarışlarda indiyə qədər cəmi bir dəfə qarşılaşıblar. Belə ki, AÇ-2012-nin seçmə mərhələsində hər iki milli Bakıda keçirilən matçda rəqib olub. Görüş komandamızın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bugünkü oyun rəsmi müstəvidə ikinci duel olacaq.
Start fiti saat 20:00-da Bakı İdman Sarayında veriləcək bu oyun “CBC Sport”la canlı yayımlanacaq. Zala giriş isə sərbəst olacaq.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
6 oktyabr
20:00. Azərbaycan – Qazaxıstan
Hakimlər: Kirill Naişouler, Arttu Kyynaeraeynen, Paavo Komppa (hakimlər Finlandiyadandır).
Timekeeper: Anar Fərəcov (Azərbaycan).
Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Sean Dipple (İngiltərə).
Bakı İdman Sarayı.


