Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun ikinci turunda Niderland seçmə komandasını qəbul edib.
5 gün əvvəl hər iki komanda məğlub olduğuna görə, duelin gərgin keçəcəyi gözlənilən idi. Millimiz qrup mərhələsinin ilk turunda Rumıniyaya 1:3 hesabıyla uduzmuşdusa, Niderland seçməsi Qazaxıstana 0:2 məğlub olmuşdu.
Rumıniyadakı məğlubiyyətdən sonra baş məşqçi Vitali Borisov İsa Atayevi Maneka ilə əvəzləmişdi. Oyundan əvvəl Mərakeşdə və Liviyada baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qapı bu dəfə Emin Kürdova tapşırılmışdı. Oyuna aqressiv başlayan komandamız 2-ci dəqiqədə hesabı açıb. Rafael Vilela rəqib torunu silkələyib. Bundan sonra da üstünlük millimizdə olub. Felipinyonun zərbəsi tirdən dönübsə, növbəti dəfə hesabı Qallo dəyişib – 2:0. 15-ci dəqiqədə komandamız növbəti qolu vurub. Bu dəfə Maneka ilk rəsmi oyununda adını tabloya yazdırıb. Fasiləyə qədər Felipinyo da istəyinə çatıb və fərqi 4 topa yüksəldib. Vilela isə fasiləyə 2 dəqiqə qalmış dublunu rəsmiləşdirib. O, son dəqiqədə 10 metrlik zərbəni zola çevirə bilməyib. İkinci hissədə hesab 36-cı dəqiqədə dəyişib. Bu dəfə Felipinyo dubl edib. Rəqib sona 4 dəqiqə qalmış təsəlli qoluna imza atıb.
Beləliklə komandamız böyükhesablı qələbə qazanıb. Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 6-da, saat 20:00-da, Bakı İdman Sarayında Qazaxıstan yığmasına qarşı keçirəcək.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
20 sentyabr
Azərbaycan – Niderland 6:1
Qollar: Rafael Vilela, 1:19; 18:21. Everton Kardoso, 7:47. Maneka, 14:35. Felipinyo, 17:04; 35:45 – İliass Bouzit, 36:58.
Sarı vərəqələr: Eduardo Borges, 16:44. Emin Kürdov, 36:58 – İliass Bouzit, 7:51. Tevfik Ceyar, 9:09.
20 sentyabr. Bakı İdman Sarayı. Saat 18:30
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidu (Hamısı Kipr).
Timekeeper: Ramil Namazov (Azərbaycan)
Hakim-inspektor: Sebastian Staviski (Polşa).
UEFA nümayəndəsi: Avi Levi (İsrail)
Azərbaycan: 1. Emin Kürdov (k), 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 12. Rövşən Hüseynli, 4. Oktay Rüstəmli, 5. Maneka, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Everton Kardoso “Qallo”, 16. Xəzər Ağalızadə, 20. Amir Şocaei.
Baş məşqçi: Vitali Borisov.
Niderland: 12. David Stet, 4. Tevfik Ceyar, 5. Said Buzambu, 6. Saber Ben Xalu, 10. Abdessamad Attahiri, 1. Manuel Kuyk, 2. Yordi Orriens, 7. Denzel Van Houtum, 8. Ayub Buxari, 11. Lahcen Buyuzan, 14. İliass Bouzit, 15. İsmail Ouaddu, 18. Qianni Tieboş, 20. Mohamed Cih.
Baş məşqçi: Migel Andres.
Xal: Qazaxıstan – 6. Rumıniya – 3. Azərbaycan – 3. Niderland – 0.


