Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun sonuncu turunda Niderland seçməsinin qonağı olacaq.
Komandamız bu seçmə mərhələdə cəmi bir qələbə qazanıb ki, o da 2-ci turda Niderlandla ev oyununa təsadüf edib. Millimiz doğma meydanda qarşılaşdığı bu rəqibini 6:1 hesabıyla məğlub etmişdi. İndi futzalçılarımız eyni uğuru səfərdə də təkrarlamaqla qrup ikinciliyini ələ keçirməyi hədəfləyir. Lakin bunun üçün Rumıniya yığmasının da itkisiz irəliləyən Qazaxıstanla matçda xalsız qalması şərtdir.
Hazırda həm Azərbaycan millisinin, həm də Rumıniya yığmasının 4 xalı var. Millimiz dördüncü, rumınlar isə üçüncü pillədə qərarlaşıblar. A qrupuna 15 xalı olan Qazaxıstan yığması rəhbərlik edir. Niderland yığması isə 6 xalla ikinci sırada yer alıb.
“Almere” şəhərində keçiriləcək və saat 21:30-da start götürəcək bu matçı Litvadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, komandamız bu seçmə mərhələnin digər oyunlarında Qazaxıstan yığmasına evdə 2:4, səfərdə 2:3 hesabıla uduzub. Yığmamız Rumıniyaya da səfərdə 1:3 hesabıyla məğlub olub. Bu rəqiblə doğma meydanda baş tutan oyunda isə heç-heçə qeydə alınıb – 5:5.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
20 dekabr
Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva).
Timekeeper: Joern Te Kloeze (Niderland).
Hakim-inspektor: Karel Henyiç (Çexiya).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
Almere. “Topsportcentrum Arena”. Saat 21:30.
Xal: Qazaxıstan – 15. Niderland – 6. Rumıniya – 4. Azərbaycan – 4.


