Dünya çempionatında (DÇ-2026) Meksika millisinin Çexiya üzərində qazandığı qələbədən sonra azarkeşlərin sevincinə xoşagəlməz hadisə kölgə salıb.
Arena.az xəbər verir ki, Meksikanın Çexiyanı 3:0 hesabı ilə məğlub etdiyi qrup mərhələsinin son tur oyunundan sonra ölkənin Kabo-San-Lukas şəhərində azarkeşlərin toplaşdığı əraziyə avtomobil daxil olub.
Qələbəni qeyd edən azarkeşlər yolu bağlayıblar. Bu zaman avtomobil sürücülərindən biri gözləmək istəməyərək izdihamın arasından keçməyə cəhd edib. Bundan qəzəblənən azarkeşlər avtomobili mühasirəyə alaraq ona zərbələr endirməyə başlayıblar. Nəticədə sürücü maşını hərəkətə gətirib və bir neçə nəfəri vurub.
Hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Bildirilir ki, hadisəni törədən sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda insidentin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Meksika millisi Çexiya üzərində 3:0 hesablı qələbə qazanaraq qrup mərhələsini maksimum nəticə ilə – 9 xalla başa vurub və pley-off mərhələsinə yüksəlib.
DÇ-2026 ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçirilir. Meksika yığması mundialda hələlik, maksimum nəticə ilə qrupdan çıxmış ilk komandadır.


