DÇ-2026: Misir penaltilərlə 1/8 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Misir millisi 1/8 finala vəsiqə uğrunda Avstraliya yığması ilə qarşılaşıb. Dallas şəhərində (Texas, ABŞ) təşkil edilmiş matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.

Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Məhəmməd Haninin (55) öz qapısına vurduğu qol ümumi hesabı yenidən bərabərləşdirib.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş (4:2) Misir yığması 1/8 finala yüksəlib.

Bu komandanın növbəti raunddakı rəqibi Argentina – Kabo Verde cütünün qalibi olacaq.

Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya, Portuqaliya və İsveçrə yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.

DÇ-2026
1/16 final
3 iyul

Avstraliya – Misir 1:1 (penaltilər 2:4)
Qollar: Məhəmməd Hani, 55-öz qapısına – Emam Aşur, 13.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: