Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı (DÇ) davam edir.
Arena.az xəbər verir ki, üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub.
Yunan-Roma güləşində İlkin Qurbanov (60 kq) gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə isə iranlı Səccad Abbaspurraqaniyə 1:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qurbanov bu gün təsəlliverici görüşə çıxıb. Təsəlliverici görüşdə türkiyəli Mert İlbarsa ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Qurbanov üçüncü yer üçün özbəkistanlı Mehrac Bəhramovla güləşib. Rəqibinə minimal fərqlə (4:5) məğlub olan İlkin dünya çempionatını 5-ci pillədə başa vurub.
Elmin Əliyev (82 kq) macarıstanlı Dominik Çuçora tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Alperen Bərbərə 3:5 hesabıyla məğlub olub.
Ötən gün həm də qadın güləşi üzrə mübarizəyə start verilib. Amma həm ötən gün, həm də bu gün mübarizəyə qoşulmuş xanım güləşçilərimiz DÇ-də ümidləri doğrultmayıblar.
Əsmər Cankurtaran (50 kq) təsnifat mərhələsində rusiyalı Natalia Pudovaya uduzub – 0:10.
Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində amerikalı Kristelle Rodrigesə “tuş”la məğlub olub.
Nərgiz Səmədova (57 kq) serbiyalı Yana Petroviçə 4:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Emine Çakmakla bacarmayıb – 0:10.
Ruzanna Məmmədova (65 kq) isə ilk mərhələdə macarıstanlı Eniko Elekesə 2:5 hesabıyla uduzub.
Xatırladaq ki, DÇ-yə oktyabrın 27-də yekun vurulacaq.


