AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunlarındakı hakimliyi dəyərləndirib.
Arena.az xəbər verir ki, o, xüsusilə də “Qarabağ” və “Araz-Naxçıvan” komandaları arasında baş tutmuş cavab oyununda qeydə alınmış mübahisəli epizodları şərh edib.
De Blekere qarşılaşmanın 44-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində sarı vərəqə alan Yassin Benzyanın cəzalanmasının doğru qərar olduğunu söyləyib:
“Yassin Benzya meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə “Araz-Naxçıvan”ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül “kontakt” olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir. Əgər bu, tam “kontakt”, yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi”.
Təcrübəli mütəxəssis 64-cü dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusunun yerə yıxılmasından sonra “Qarabağ”ın qol vurmasının qaydalar çərçivəsində olduğunu bildirib:
“Sürətli qaçış və top uğrunda mübarizədə “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda “Qarabağ” qol vurur. VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, “Araz-Naxçıvan”ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir”.
Frank De Blekere 75-ci dəqiqədə Naxçıvan təmsilçisinin qapısına təyin olunmuş penalti epizoduna isə bu cür şərh verib:
“Qarabağ”ın hücumu zamanı Leandro Andrade cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə “Araz-Naxçıvan”ın müdafiəçisi Ürfan Abbasovun bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur”.
Qeyd edək ki, “Qarabağ” “Araz-Naxçıvan”ı yarımfinal mərhələsinin cavab oyununda 3:0 (ilk görüş – 0:1) hesabı ilə məğlub edib. “Sabah” – “Neftçi” görüşündə isə tərəflər hərəyə bir dəfə fərqləniblər (ilk oyun – 2:1).


