“Napoli”nin prezidenti Aurelio De Laurentis bildirib ki, Neapol komandasının yeni baş məşqçisi onca günə məlum olacaq.
Arena.az De Laurentisin bu barədə məlumatını təqdim edir:
“Növbəti on gün həlledici olacaq. Biz bütün gərəkli və obyektiv qiymətləndirmələri aparmalıyıq. Fanatizm yox, qərəzsiz məntiq üstünlük təşkil etməlidir”, deyə De Laurentis vurğulayıb.
Xatırladaq ki, “Napoli”nin italiyalı mütəxəssis Antonio Konteni baş məşqçi postuna gətirməsi gözlənilir. 2022/2023 mövsümünü İtaliya çempionu kimi başa vurmuş Neapol təmsilçisi geridə qalmış mövsümdə çox uğursuz çıxışı ilə diqqət çəkdi. Mövsümə Rudi Qarsiyanın rəhbərliyi altında başlamış “Napoli” mövsümün gedişində onu Valter Massariylə, Massarini isə Françesko Kaltsona ilə əvəzləmişdi. Lakin bu təyinatların heç biri komandada uğursuz gedişata son qoymayıb. Bu üzdən də klub rəhbərliyi növbəti mövsüm üçün daha faydalı bir seçim üzərində çalışır.
“Napoli” İtaliya A Seriyasında 2023/2024 mövsümünü 53 xalla 20 iştirakçı arasında 10-cu pillədə başa vurub. Neapol təmsilçisi gələn mövsüm avrokuboklarda da iştirak edə bilməyəcək.
Xatırladaq ki, Antonio Kontenin son iş yeri “Tottenhem” olub. 54 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində “Siena”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi”, “İnter” kimi komandalara rəhbərlik edib. O, İtaliya millisinin baş məşqçisi də olub. İtalyan məşqçi 2014-cü ilin yayında “Yuventus”u məhz ölkəsinin yığma komandasına rəhbərlik etmək üçün tərk etmişdi.
Konte məşqçilik karyerasında son kubokunu “İnter”i çalışdırdığı zaman qazanıb. 2020/2021 mövsümündə Konte “neradzurri” ilə İtaliya çempionu olub.


