Deku “Barselona”nın idman direktoru təyin olundu

Əfsanəvi, braziliyaəsilli portuqaliyalı sabiq futbolçu Deku “Barselona”nın idman direktoru vəzifəsinə təyin edilib.

Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir.

Hazırda 45 yaşı olan keçmiş futbolçu kataloniyalılarla 3 mövsümlük müqavilə imzalayıb. Onun vəzifələrinə klubun idman fəlsəfəsini müəyyənləşdirmək, məşqçilər qərargahı ilə yanaşı heyətin təşkili, həmçinin futbol məktəbinə rəhbərlik etmək daxildir.

“Barselona”da işləmək xatirinə Deku rəsmi olaraq özünü “D20 Sports” agentliyini bağladığını elan edib. Dekunun agentliyi son səkkiz ildir ki, fəaliyyət göstərirdi. “Barselona”nın bu təyinatında Dekunun müvafiq sahədə böyük təcrübə sahibi olması vurğulanır.

Portuqaliya yığmasının sabiq üzvü futbolçu karyerasının 4 mövsümünü “Barselona”ya həsr edib və “kataloniyalılar”ın heyətində 5 kubok qazanıb: 2 İspaniya çempionluğu, 2 İspaniya Super Kuboku və UEFA Çempionlar Liqası (2005/2006 mövsümü).

Dekunun “Barselona”nın idman direktoru postunda Mateu Alemanini əvəz etdiyini də vurğulayaq. Hansı ki, o, sentyabrın 2-də – cari transfer pəncərəsi bağlandıqdan sonra postundan ayrılacaq. Klub həmin günə kimi Dekuyla Alemaninin birgə fəaliyyət göstərəcəyini də vurğulayıb. 60 yaşlı ispan mütəxəssis 2021-ci ildən “Barselona”nın idman direktoru kimi fəaliyyət göstərirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: