“Everton”un 27 yaşlı hücumameylli yarımmüdafiəçisi Dele Alli uşaqlıq çağlarında yaşadığı acı xatirələrini paylaşıb.
Arena.az xəbər verir ki, Dele Alli bu barədə “The Overlap” “YouTube” kanalına xüsusi müsahibəsi zamanı söhbət açıb.
Müsahibənin diqqətçəkən məqamlarını təqdim edirik:
“Düzü, heç vaxt uşaqlığımdan danışmamışam. Ümumi anlayış verəcək bir neçə məqamı sizə sadalaya bilərəm.
Altı yaşım olanda anamın dostu mənə cinsi təcavüz etdi. O, evimizə tez-tez qonaq gəlirdi. Anam içki aludəçisi idi (göz yaşlarını saxlaya bilmir)… Üzr istəyirəm. Bu, altı yaşım olanda baş verib. Sonra nizam-intizam öyrənmək üçün Afrikaya göndərildim.
7 yaşımda siqaret çəkməyə, 8-də qanunsuz narkotik alverinə başladım. Bir böyük mənə dedi ki, polis velosiped sürən uşaqları saxlamır və yoxlamır. Ona görə də narkotiki köynəyimin altında daşıyırdım. 11 yaşımda məni körpüdən asdılar. Qonşu oğlan. 12 yaşımda övladlığa götürüldüm. Məni gözəl bir ailə övladlığa götürdü. Daha yaxşısını istəyə bilməzdim. Mənim üçün o qədər ediblər ki… Əgər tanrı kimlərisə insan yaradıbsa, məhz onlar olublar. Onlar fəxarətvericidirlər. Və onlar mənə çox kömək etdilər”.
Xatırladaq ki, Dele Alli geridə qalmış 2022/2023 mövsümünü icarə əsasında “Beşiktaş”da keçirib. O, “qara qartal”ın heyətində 15 oyuna çıxıb, 3 qol vurub. Amma zədə səbəbindən mövsümün bir hissəsini boşa verib. Onun “Everton”la müqaviləsi 2024-cü ilin 30 iyununa qədərdir.
“Transfermarkt” internet portalı Dele Allini 8 milyon avro məbləğində qiymətləndirir.


