Futbol üzrə Almaniya yığmasının və “Brayton”un hücumçusu Deniz Undav bundan sonra “Ştutqart”ın uğurları üçün çalışmağa davam edəcək.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Ştutqart” Denizi ötən ilin avqust ayında “Brayton”dan satınalma şərti ilə icarəyə götürmüşdü. Bundesliqa təmsilçisi bu yay onun transfer hüquqlarını da alıb. “Ştutqart” bunun üçün 26,7 milyon avrosundan keçib.
Undav “Ştutqart”la 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Deniz Undav “Verder”in yetirməsidir. O, “Meppen”, “Havelse”, “Yunion”, “Brayton”, “Ayntraxt” (Braunşveyq) kimi klubların da formasını geyinib. Hücumçu ötən mövsüm “Ştutqart”ın heyətində 33 oyuna çıxıb, 19 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Brayton” karyerası isə 30 oyun, 8 qol və 1 assistdən ibarətdir.
Undav bu ilin mart ayında Almaniya millisində debüt edib. O, yığmanın heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Brayton” hücumameyilli yarımmüdafiəçisi Fakundo Buonanotteni də “Lester Siti”yə icarəyə verib. Lester təmsilçisi 19 yaşlı argentinalını qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
Argentinanın “Rosario Sentral” klubunun yetirməsi olan Fakundo Buonanotte “Brayton”a 2023-cü ilin yanvarında 6 milyon avro müqabilində keçmişdi. O, İngiltərə klubunun heətində 50 oyuna çıxıb, 5 qol və 2 assistlə yadda qalıb.
Buonanotteni heyətinə qatmış “Lester Siti” də mərkəz müdafiəçisi Harri Suttarı “Şeffild Yunayted”ə icarəyə verib. 25 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.
Şotlandiyanın “Dandi Yunayted” klubunun yetirməsi olan Harri Suttar, “Stok Siti”, “Ross Kaunti”, “Flitvud Taun” kimi klublarda da oynayıb. 2023-cü ildən “Lester Siti”də çxış edən futbolçu bu komandanın heyətində 16 oyuna 1 assistlə yadda qalıb.
Vaxtilə Şotlandiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Suttar, 2019-cu ilin oktyabrından Avstraliya millisində çıxış edir. O, yığmada 30 oyuna 11 qol vurub.


