Deyan Lovrenin evini qarətə cəhd ediblər

Lion “Olimpik”inin xorvat mərkəz müdafiəçisi Deyan Lovrenin evi futbolçunun Liqa 1-in oyununda iştirakı zamanı qarət cəhdinə məruz qalıb.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Bildirilir ki, naməlum qarətçilər evi yarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Futbolçu bu zaman komandasının Liqa 1 çərçivəsində “Klermon”a qarşı oyununda (1:2) iştirak edib. Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşları futbolçunun evinin giriş qapısında oğurluq cəhdindən görünən izlər aşkar ediblər.

Polis yoxlama aparıb və evə girişə nail olmaq üçün çilingərin xidmətindən istifadə edib.

Deyan Lovren Lion klubuna 2023-cü ilin yanvarında 2 milyon avro qarşılığında Sankt-Peterburq “Zenit”indən keçib. Xorvat müdafiəçinin Fransa klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümndə Lovren lionluların heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Deyan Lovren 2009-cu ilin oktyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 78 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran Deyan Lovreni 2,50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: