“Ayaks”dan ayrılan Niderland milli komandasının müdafiəçisi Deyli Blind bundan sonra Almaniyanın “Bayern” klubunun uğurları üçün çalışacaq. Arena.az xəbər verir ki, Münhen təmsilçisi rəsmi saytı vasitəsilə 32 yaşlı futbolçunu heyətinə qatdığını elan edib.
Tərəflər arasında 2022/23 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Təcrübəli futbolçu yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Deyli Blind “Ayaks”ın yetirməsidir. O, 2010-cu ildə “Qroningen”də, 2014-2018-ci illər aralığında isə “Mançester Yunayted”də oynayıb. Sol cinah müdafiəçisi Amsterdam təmsilçisində bütövlükdə 333 oyuna çıxıb, 13 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. O, 2022-ci ilin 27 dekabrında “Ayaks”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmiş və azad agent statusu almışdı. Bu üzdən də “Bayern” müdafiəçini heyətinə qatmaq üçün əlavə xərcə düşməyib.
Blind Niderland milli komandasında 99 oyun keçirib, 3 qol vurub.


