Alman Futbol İttifaqının (DFB) prezidenti Bernd Noyendorf Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman haqda danışıb.
Arena.az ZDF dərgisinə istinadən məlumat verir ki, Noyendorf alman mütəxəssislə yeni müqavilə imzalamaq imkanlarına münasibətini bildirib:
“Bizim tərəfimizdən hər hansı fikir ayrılığının ola biləcəyini düşünmürəm. Ancaq əvvəlcə bir-birimizlə danışmalıyıq və əminəm ki, biz tez bir zamanda nəticə əldə edəcəyik. Yulian Avropa çempionatından əvvəl gələcəyinə aydınlıq gətirmək istədiyini söylədi. Biz, əlbəttə ki, bu arzudan imtina etməyəcəyik”, deyə Noyendorf vurğulayıb.
Xatırladaq ki, martın 23-də Almaniya yığması Fransa yığması ilə yoldaşlıq oyunu keçirib. Oyun Yulian Nagelsmanın çalışdırdığı bundestimin 2:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
“Alman maşını” oyun ərzində sabit çıxışı ilə diqqət çəkib ki, bu da DFB rəhbərliyini qane edən əsas məqamlardan biri olub.
Xatırladaq ki, Yulian Nagelman Almaniya yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında gətirilib. Alman mütəxəssisin bundestimlə cari müqaviləsi Almaniyanın ev sahibliyi edəcəyi qarşıdakı Avropa çempionatının sonuna qədər qüvvədədir.
Avropa çempionatı yayda, iyunun 14-dən iyulun 14-dək keçiriləcək.


