Didye Deşam daha 3 il Fransa millisində!

Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Didye Deşam ilə müqavilənin müddəti uzadılıb. Arena.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 54 yaşlı mütəxəssislə növbəti sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti 2022-ci ilin sonuna kimi idi.

Xatırladaq ki, Didye Deşam 2012-ci ilin iyul ayından Fransa milli komandasına rəhbərlik edir. O, bu komandanı indiyə qədər 139 oyuna çıxarıb. Fransızlar bu görüşlərdə 89 qələbə qazanıblar, 28 heç-heçə ediblər və 22 məğlubiyyətə üzülüblər.

Fransa millisi Deşamın rəhbərliyi altında Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olubsa, Qətərdəki DÇ-2022-də gümüş medallarla kifayətlənib. Fransızlar 2020/21 mövsümündə UEFA Millətlər Liqasının qalibi olublar. AÇ-2016-da isə bu komanda ikinci yeri tutub.

Deşam Fransa yığmasından öncə “Monako”, “Yuventus” və “Olimpik” (Marsel) klublarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: