Uruqvaydan olan futbol mütəxəssisi Dieqo Alonso İspaniyanın “Sevilya” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
48 yaşlı mütəxəssislə müqavilə 2023/24 mövsümünün sonuna (2024-cü ilin 30 iyununa) qədər nəzərdə tutulub.
Dieqo Alonso son olaraq Uruqvay millisinə rəhbərlik edib. O, 2022-ci ilin yanvarından rəhbərlik etdiyi ölkəsinin yığmasından bu ilin fevral ayında ayrılandan bəri, işsiz idi. Alonso məşqçilik karyerası dövründə “İnter Mayami”, “Monterrey”, “Paçuka”, “Olimpiya”, “Penyarol”, “Quarani” və “Bella Vista” kimi komandaları da çalışdırıb.
Alonso “Sevilya”nın baş məşqçisi postunda bir neçə gün öncə istefaya göndərilmiş Xose Luis Mendilibarı əvəz edib. Hansı ki, 62 yaşlı mütəxəssis uğursuz nəticələrə görə komandadan kənarlaşdırılmışdı. İspan məşqçinin bu klubla 2024-cü ilin 30 iyununa kimi müqaviləsi olsa da, onun işini davam etdirməsi məqsədəuyğun sayılmayıb.
Xatırladaq ki, Xose Luis Mendilibar bu ilin mart ayından “Sevilya”ya rəhbərlik edirdi. O, həmin dövrdən bəri bu komandanı bütövlükdə 30 oyuna çıxarıb. “Sevilya” bu görüşlərdə 11 qələbə qazanıb, 11 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.
“Sevilya” La Liqada geridə qalan mövsümü 49 xalla 12-ci pillədə başa vurub. Əvəzində komanda Mendilibarın rəhbərliyi altında Avropa Liqasının qalibi olub. Bu mövsüm isə “Sevilya” La Liqada 8 oyuna cəmi 8 xal toplayıb və 14-cü pillədə qərarlaşıb. 2 qələbə qazanıb, 2 heç-heçə etmiş komanda 4 oyunda məğlub olub.



