Dioqo Leyte “Union Berlin”dən ayrıldı

Portuqaliyalı mərkəz müdafiəçisi Dioqo Leyte Almaniya Bundesliqasında mübarizə aparan “Union Berlin” komandası ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti başa çatıb və Berlin təmsilçisinin onunla yeni sözləşmə imzalamayacağı rəsmən dəqiqləşib.

Dioqo Leyte 2022-ci ildən “Union Berlin”in formasını geyinirdi. O, Almaniyaya vətənində “Portu” və “Braqa” klublarındakı uğurlu çıxışlarından sonra transfer olunmuşdu.

26 yaşlı müdafiəçi Berlin klubunun heyətində bütün turnirlərdə 136 oyuna çıxıb. O, həmçinin “Union Berlin”in tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazandığı dövrdə komandanın əsas oyunçularından biri olub. Berlin təmsilçisi 2022/2023-cü illər mövsümündə Bundesliqanı üçüncü pillədə başa vuraraq qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ əldə etmişdi.

İtaliya mətbuatının məlumatına görə, Dioqo Leytenin karyerasını A Seriyasında davam etdirməsi ehtimalı yüksək qiymətləndirilir. Bununla belə, futbolçunun yeni klubu hələlik məlum deyil.

Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış 27 yaşlı futbolçuya əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: