Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb portuqaliyalı müdafiəçinin dünən məşq zamanı zədələnməsidir. Bu gün tibbi müayinədən keçən 29 yaşlı futbolçunun sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb. Klubun tibbi heyətinin protokoluna əsasən, Dioqo Verdaska ən azı 6 həftə müalicə alacaq. Onun yaşıl meydanlara qayıtması müalicənin nəticəsindən asılı olacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 5-ci turu çərçivəsində “Qəbələ” ilə üz-üzə gələcək. Əyalət təmsilçilərinin görüşü sentyabrın 12-də Gəncə Şəhər Stadionunda baş tutacaq. Oyuna saat 17:30-da start veriləcək.


