Dioqo Verdaska məşqdə zədələndi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”də komandanın kapitanı Dioqo Verdaska sıradan çıxıb.

Arena.az bu barədə Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində bu həftəsonu “Qəbələ”ni qəbul edəcək “Kəpəz” məşqlərini davam etdirir. “Sarı-göylər” bu gün baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında texniki-taktiki məşq keçiblər.

Müxtəlif təmrinləri yerinə yetirən komanda məşq prosesini tam heyətlə başa vura bilməyib. Belə ki, “Kəpəz”in kapitanı Dioqo Verdaska məşqdə zədələnib. Ayaq əzələsini dartan portuqaliyalı müdafiəçinin qarşıdakı turda meydançaya çıxıb-çıxmayacağı tibbi müayinənin nəticəsindən sonra məlum olacaq.

“Kəpəz” – “Qəbələ” matçı sentyabrın 12-də Gəncə Şəhər Stadionunda baş tutacaq. Oyuna saat 17:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: