Dmitri Kruqlov: “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır”

“Neftçi”nin sabiq müdafiəçisi Dmitri Kruqlov AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan – Estoniya oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində maraqlı fikirlər səsləndirib.

  • Bakıdakı oyunun favoriti kim olacaq?
  • Estoniya yığmasının itkilərini nəzərə alsaq, ilk növbədə, Sergey Zenyov və Yoonas Tammın yoxluğunu qeyd edərək, meydan sahiblərinin komandasını azacıq favorit bilirəm. Azərbaycan öz meydanında oynayır. Onlar bu ab-havaya adətkardırlar. Prinsipcə, onlar ümumiyyətlə ev sahibi komandadır. Düşünürəm ki, onlar az da olsa, üstünlüyə malik olacaqlar.
  • Azərbaycandakı karyeranızla bağlı hansı xatirələriniz qalıb?
  • Yalnız ən xoş! Yaxşı, qonaqpərvər ölkədir. Futbolu çox sevən əntiqə azarkeşlər var. Onların şənbə günü komandasını dəstəkləməyə və onu irəli aparmağa gələcəklərinə şübhə etmirəm. Bu, Azərbaycan yığmasının xeyrinə olacaq. Hər mənada isti olacaq – həm hava, həm də tribunalardan dəstək baxımından.
  • Azərbaycan yığmasında həmçinin başa çatmış mövsümdə “Qarabağ”la avrokuboklarda səs-küy qoparmış futbolçular da çıxış edirlər. Sizin orada hər hansı tanışınız var?
  • Maksim Medvedevlə tanışam, amma onun klubla müqaviləsini uzadıb-uzatmadığını bilmirəm. Azərbaycanda oynadığımdan isə xeyli vaxt keçib. Əsasən, vaxtilə yollarım kəsişən kəslərin hamısı artıq veterandır. Amma “Qarabağ”ı və onların seçdiyi yolu çox yaxşı xatırlayıram. Onlar ardıcıl olaraq avrokubokların qrup mərhələsinə yüksələn Azərbaycan komandaları arasında birincidirlər. Onlar Azərbaycan futboluna böyük təsir göstəriblər və indi haqlı olaraq onun liderlərindən biridirlər. Hazırda düşünürəm ki, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Azərbaycanın ən yaxşı futbolçularının hamısının orada oynamasına təəccüblənmirəm.

“Bakıda hər şey başqa olacaq”

  • 2013-cü ildə Estoniya yoldaşlıq görüşündə Azərbaycanı öz meydanında 2:1 hesabı ilə məğlub etmişdi. Həmin görüşü xatırlayırsınız?
  • O zaman oynadığımı xatırlayıram. Amma heç bir paralel aparmazdım. O zaman bu, yoldaşlıq görüşü idi, evdə oynayırdıq, üstəlik noyabrda. Şənbə günü Bakıda hər şey başqa olacaq. Və oyunun əhəmiyyəti – hələ ortada xallar var – hava da fərqlidir.
  • Bukmekerlər hesab edirlər ki, Estoniya yığması Bakıda qol vurmayacaq. Onlara etirazın var?
  • Sergey Zenyovun yoxluğu komandamız üçün böyük itkidir. Amma Estoniya yığmasının hücum potensialına inanıram. Bildiyimə görə, Rauno Sappinen hazırda yaxşı formadadır, təcrübəli Henri Anier var. Erik Sorqanın hazırda hansı vəziyyətdə olduğunu bilmirəm, amma düşünürəm ki, səfərdə biz öz qolumuzu vurmalıyıq. Həqiqətən ümidvaram ki, bukmeker kontorları yenə səhv ediblər.

Xatırladaq ki, hazırda 39 yaşı olan Dmitri Kruqlov Azərbaycanda 2008-2010-cu illər aralığında “Neftçi”nin formasını geyinib. O, daha sonra 2010/2011 mövsümündə “İnter”in (indiki “Şamaxı”), 2014-cü ilin əvvəlində isə “Rəvan”ın uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: