Dortmund “Borussiya”sı Tailand klubuna biabırçı hesabla uduzdu

Asiya səfəri çərçivəsində növbəti mövsümə hazırlaşan Dortmund “Borussiya”sı gözlənilməz böyükhesablı məğlubiyyət yaşayıb.

Arena.az məlumat verir ki, hazırlıq xüsusiyyətli yoldaşlıq oyununda Tailand təmsilçisi “Bi Ci Pathum Yunayted”lə qarşılaşmış “Borussiya” 0:4 hesablı biabırçı məğlubiyyət alaraq, meydanı başıaşağı tərk edib.

Oyun alman klubunun futbolçularının pərakəndəliyi, həmçinin vəziyyətləri boş verməsi ilə diqqət çəkib. “Borussiya”nın baş məşqçisi Nuri Şahin bu gözlənilməz məğlubiyyətə belə aydınlıq gətirib:

“Mən bilirəm ki, uşaqlar çox yorğundurlar. Həm də biz çox məşq etmişik, amma bu, əlbəttə, bəraətə əsas ola bilməz. Bu, çox sadədir”, deyə türk mütəxəssis bildirib.

Xatırladaq ki, Dortmund “Borussiya”sı ötən mövsüm Almaniya Bundesliqasında 63 xalla 5-ci yeri tutub. Bu üzdən də yayda komandanın baş məşqçisi Edin Terziç postundan ayrılıb, onu türkiyəli Nuri Şahin əvəz edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: